Azərbaycan musiqi mədəniyyəti bu gün sükuta bürünüb. Muğam dillənmir, tar səssiz, kamança kədər içindədir. Xalq artisti, muğam sənətimizin canlı əfsanəsi, professor Arif Babayev bu dünyadan köçdü….
Xalq artisti, tanınmış muğam ustadı, professor Arif Babayevin vəfat xəbəri yalnız musiqi ictimaiyyəti deyil, bütün xalqımızı kədərə bürüdü .
Arif Babayev təkcə bir sənətkar deyil, o, muğam sənətimizin simvolu, canlı məktəbi və müdrik müəllimi idi. O, ömrünü muğama, milli kimliyimizin ən incə ifadəsinə həsr etmişdi. Arif müəllimin ifa etdiyi muğamlar — “Rast”, “Bayatı-Şiraz”, “Segah” — sadəcə musiqi deyil, ruhun səsi, xalqın yaddaşı idi. Onun səsi ilə muğam dünyanı dolaşdı, Azərbaycan mədəniyyəti beynəlxalq səhnələrdə layiqli şəkildə təmsil olundu.
Arif Babayevin əbədiyyətə köçməsi sanki, muğamı susdurdu ..
Bu, bir dövrün, bir nəfəsin, bir məktəbin susmamsıdır. Bu böyük sənətkarın səsi ilə böyüyən nəsil bu gün göz yaşlarını gizlətmir. Çünki Arif Babayev muğamı sadəcə oxumurdu – onu yaşayırdı, yaşadırdı və yaşatmağı öyrədirdi.
Arif Babayev həm də böyük pedaqoq kimi yadda qaldı.. O, sadəcə sənətkar deyildi. O, bir müəllim idi – muğamı öyrədən yox, hiss etdirən, içərisində yaşadan müəllim. Onun tək bir baxışı, səhnəyə çıxarkən duyduğu ehtiram, tələbələrinə verdiyi nəvaziş… bunların hər biri onu əvəzolunmaz edən cizgilər idi. Bu itki təkcə bir insanın yoxluğu deyil, bir dövrün, bir fəlsəfənin susmasıdır. Lakin onun yaratdığı irs, yetişdirdiyi tələbələr və ürəklərdə buraxdığı iz daim yaşayacaq.
Xalq artisti, muğam sənətimizin canlı əfsanəsi, böyük sənətkar, ustad pedaqoq Arif Babayevin vəfatı bizi – Gunxeber.Az kollektivi olaraq dərindən kədərləndirdi. Biz də öz növbəmizdə mərhum sənətkarın ailəsinə, doğmalarına, sənət yoldaşlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun






