Gunxeber.Az bildirir ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyətinin və “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və İsmayıllı Rayon Polis Şöbəsinin dəstəyi ilə “Narkotik: yeni çağırış və təhlükələr!” mövzusunda tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyətinin, İsmayıllı Rayon Polis Şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, aidiyyəti idarə, müəssisə və təşkilat əməkdaşları iştirak ediblər.

​Layihə rəhbəri Telman Mamedov çıxış edərək, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini, narkotik maddələrin qəbul edilməsi insanı fiziki və psixoloji cəhətdən məhv etdiyini qeyd edib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva da narkotiklərin insan orqanizmində yaratdığı fəsadlardan danışıb. Çıxışında narkomaniya hər bir ailə üçün psixoloji təhdid olduğunu vurğulayaraq, narkotik vasitələr istifadəçiləri ölüm həddinə qədər apara bildiyini də qeyd etmişdir. Rəhbəri olduğu mərkəzin sağlam həyatın təbliğinə yönəlik tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərdiyini diqqətə çatdıran L.Əliyeva narkomaniya ilə mübarizə sahəsində aparılan təbliğat-təşviqat işlərinin daha da genişləndiriliməsinin vacibliyini xatırladıb. Bildirib ki, qalib ölkənin vətəndaşları, xüsusən də gənc nəsil dövlətin həyata keçirdiyi siyasəti rəhbər tutmalıdır.

İsmayıllı Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Bəhruz Xələfov və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Rahim Orucov mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşüblər. Çıxışlarında düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmədiyini bildirmişlər. Narkotikdən istifadə edən insan da bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Natiqlər bu problemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Gunxeber.Az Nurlan Nugayev İsmayıllı