Ötən gün Sea Breeze kurort şəhərciyində qarşıdan gələn DREAM Fest 2025 musiqi festivalı və yay mövsümünə planlaşdırılan layihələrə həsr olunmuş mətbuat konfransı keçirilib.
Gunxeber.az bildirir ki, tədbirdə çıxış edən Sea Breeze-in təsisçisi, eyni zamanda Xalq Artisti Emin Ağalarov builki festivalın əvvəlki illərlə müqayisədə daha dinamik və miqyaslı olacağını bildirib.
Onun sözlərinə görə, bu il səhnə proqramı genişləndirilərək ifaçılara daha uzun solo çıxış imkanları yaradılacaq. Festivalın aparıcısı tanınmış televiziya siması Regina Todorenko olacaq.
Festivalda həm yerli, həm də beynəlxalq ulduzların çıxışları gözlənilir. İştirakçılar sırasında Nikol Şerzinger, JONY, Timati, Yeqor Krid, MOT, Ruki Vverx, In-Grid və Aqua kimi məşhur adlar yer alır.
Emin Ağalarov tədbir zamanı xüsusi olaraq Müslüm Maqomayevə həsr olunmuş musiqi axşamının da keçiriləcəyini bildirib.
O, “Bu layihə Timur Vaynşteynlə birgə hazırlanır və gənc ifaçılar məşhur tenorun repertuarına fərqli yanaşma ilə çıxış edəcəklər”. deyə açıqlamasında bildirib
Eyni zamanda konfransda bu yay Sea Breeze Walk of Fame – ın yeni ulduzlarla zənginləşəcəyi xəbəri də verilib.
Hər il böyüyən DREAM Fest regionun ən gözlənilən musiqi tədbirlərindən birinə çevrilməkdədir. Bundan əlavə, 18 iyul tarixində keçiriləcək “YUMOR Fest” mərhum komediya ustası Anar Məmmədxanovun yubileyinə həsr olunacaq.
Konfrans zamanı Emin Ağalarov Yana Rudkovskaya ilə birlikdə Sea Breeze ərazisində çoxfunksiyalı buz arenası inşa etməyi planlaşdırdıqlarını açıqlayıb. Belə ki, yeni məkanda buz üzərində şoular təşkil olunacaq, eləcə də fiqurlu konkisürmə və hokkey üzrə məşqlər keçiriləcək.
Möhtəşəm festival çərçivəsində gün ərzində tanınmış sənətçilərin iştirakı ilə əyləncəli və zəngin proqram təqdim olunacaq.














