Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində qəza olub, ölən və yaralananlar var.

Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes-Benz” markalı minik avtomobili yük maşınına çırpılıb.

Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cəlb olunublar.

Hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub. Onun sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan şəxs hadisə yerində həyatını itirib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.