"İki ayda etdiyimi dövlət məmurları, deputatlar, icra başçıları 15 ildə etməyib, məndən artıq deyillər" — Kamil Zeynallının BÜTÜN SİRLƏRİ AÇDIĞI MÜSAHİBƏSİ - VİDEO

"İki ayda etdiyimi dövlət məmurları, deputatlar, icra başçıları 15 ildə etməyib, məndən artıq deyillər" — Kamil Zeynallının BÜTÜN SİRLƏRİ AÇDIĞI MÜSAHİBƏSİ - VİDEO


Tanınmış idmançı, peşəkar məşqçi, son vaxtlar xeyriyyə işləri ilə məşhurlaşan Kamil Zeynallı “Ölkə.Az”a geniş müsahibə verib.

Müsahibə almaq üçün Kamillə zəngləşib, məşq zalına yollandıq. Elə söhbətimiz də idmançının aylardır ayrı düşdüyü zalında baş tutdu. Bir neçə aydan sonra idman zalına daxil olmağın ona ayrı bir zövq verdiyini açıq-aşkar görünürdü. Kamil indi hər zaman məşq etməyə öyrəşdiyi zala müsahibə üçün gəlmişdi...Beləcə maraqlı söhbətimiz başlayır..

- Kamil bəy, son zamanlar etdiyim müşahidələr nəticəsində demək olar ki, böyük əskəriyyət sizi sevir, hörmət edir. Bəs özünüz özünüzə 3 kəlməylə necə təqdim edərdiniz? Əslində, Kamil necə bir insandır?

- Kamil gördüyünüz kimidir. İstər evdə qızının, anasının yanında, istərsə də kasıb insanların yanında məni necə görürlərsə, həyatda da o insanam. Üç kəlmə - Kamil gördüyünüz kimidir.


- Sizi necə təqdim edəndə xoşunuza gəlir? İdmançı, yoxsa xeyriyyəçi?

- Mənə fərq etməz. İnsan biznesmen, xeyriyyəçi və ya idmançı ola bilər. Ancaq əsas məsələ, insanı insan kimi tanımaqdır. Yoxsa indiki dövrdə xeyriyyəçi olmağa nə var ki? Yenə də təkrar edirəm, bu işlərin arxasında əsas insanlıq durur. Əsl xeyriyyəçi sabah bir kasıb insanla rastlaşanda onun acısına həqiqətən ürək yanğısı ilə yanaşmağı, ona kömək etməyi bacarmalıdır. Bunun üçün də əsl insan ürəyi lazımdır.
Amma xeyriyyəçiliklə imkan daxilində məşğul olmaq lazımdır. Heç kəsin kiməsə yardım etməyə borcu yoxdur. Kim edirsə, Allah razı olsun. Mən yardım edəndə insanları seçmirəm. İnsan barmaqlarının arasında necə fərq qoya bilər? Bu da belə bir şeydir. Hər kasıbın, yoxsulun, xəstə insanın bir problemi var. Mən də imkan daxilində çalışıram ki, bacardığım qədər insanlara yardım edim. Bu işdə xeyirxah insanlar bizə dəstək oldular, sağ olsunlar. Mənə gün ərzində yenə də insanlar yazırlar. Sadəcə, indi dəstək azaldığına görə xeyriyyə işlərini bir müddətlik dayandırmışam.

- Kamil bəy, bu yardım kampaniyasında sizə dəstək olan insanlarla yanaşı, videoları paylaşdığınıza görə sizi qınayanlar da oldu. Hətta sizi özünü reklam etməkdə də günahlandırdılar.

- Mən karantindən əvvəl də hər zaman insanlara yardım etməyə çalışmışam. Hətta ad günlərimi də bir neçə dəfə kimsəsizlərlə, qocalar evində, əlil insanlarla qeyd etmişəm. Özüm də bu yolu keçmişəm. İmkansızlığı, şəraitsizliyi, kasıbçılığı görmüşəm deyə, onların dərdlərini daha yaxşı anlayıram. Anamla həmin o vəziyyəti illərlə yaşamışam. Ona görə də özüm-özümü dərk edəndən, əlimə bir az artıq pul gələndən, çalışmışam kiməsə yardım edim. Mən bunu Allah yolunda edirəm. Ona görə də bunu özümə borc bilirəm. Bunu mən bilim, bir də Allah bilsin. Kimlərsə qıraqdan qoy bunu reklam, özünü göstərmək, gözə soxmaq saysın, özləri bilər. Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Kim ki məni bilmədən qınayır, mənə şər-böhtan atır, qoy Allah, bir də özü bilsin. Mən bunu nə yolla edirəm, hansı məqsədlə edirəmsə, qoy mənimlə də Allah bilsin. Onsuz da insanların 20-30%-i hər zaman düşünüb ki, mən bunu reklam xatirinə edirəm. Mən bu yardımları neçə illərdir edə-edə gəlirdim. Kamil bu karantin vaxtı sübut etdi ki, bu yaxşılıqları təmiz qəlblə edir. Bunu çəkib göstərəndən sonra nə qədər insan həvəsə gəlib, kimsəsiz insanlara kömək etdi. İnsanlarda bu işə həvəs yaratdım, bir nümunə oldum. Məqsədim də bu idi ki, onlar da etsinlər. 4-5 il bundan əvvəl mütəmadi qocalar evinə gedirdim. Bilirsiz, niyə onu çəkib göstərirdim? İstəyirdim, insanlar da oraları ziyarət edib, kimsəsizlərə, yoxsullara yardım etsin. Bilməyənlər də baxsın, görsün ki, filan yerdə qocalar evi var, bəlkə, kimsə kömək etmək istəyər.Mən özümü Dubay səyahətimlə, avtomobillərimlə reklam edərəm də, yoxsa, bu yazıq insanlarla özümə xal qazanıb, özümü göstərəcəm? Tək əldən səs çıxmaz, axı Bu yardımlaşma kampaniyasına dost-tanışlarım da qoşuldu. Aksiyanın 90 %-ni onların sayəsində etdim. Yoxsa, Kamil bunu heç vaxt tək edə bilməzdi. Çəkib göstərirdim ki, onlar da bilsinlər etdikləri yardımlar öz ünvanlarına çatır.


- Bu yardım kampaniyanızda sizə məşhur simalardan, müğənnilərdən, cəmiyyətdə üzdə olan insanlardan kömək edən oldu?

- Nazənin xanım yardım etdi, sağ olsun. Sonra o özü də bir neçə ailəyə kömək etdi. Müğənni Nüşabə Musayeva da mənə yardımlarda dəstək oldu. Sonra Vüsal Əliyev də aksiyamıza qoşulanlardan oldu. Bəziləri mənə zəng vurub, öz təşəkkürlərini bildirdilər. Şərt o deyil ki, mütləq şəkildə mənim kampaniyama qoşulsunlar. Onlar da bir çox insana yardım etdilər.
Mən heç kimə tək-tək müraciət etməmişəm. Sadəcə demişəm ki, dostlar, gəlin millətimizin bu ağır günlərində onlara dəstək olaq. Sadəcə vicdanı olan insanların vicdanlarının oyanmasına vəsilə olmuşam.

- Belə fikirlər də var ki, Kamil Zeynallı 10 günlük həbsdən sonra sanki qorxdu, çəkindi. Doğrudanmı indi daha ehtiyatlı davranmağa başlamısınız?

- Yox, əsla. Mən həbsə düşəndə karantin qaydaları yumşalmamışdı. Biz yardımlarımızı camaat evdən çıxa bilməyəndə edirdik. Qazanc yeri olmayan insanlar, ailələr vardı. Mən həbsdən çıxdıqda artıq qaydalar yumşalmışdı. İnsanlar evlərindən rahat çıxa biləndə daha yardımlara ehtiyac yox idi. Ona görə bu aksiyanı dayandırdım. Yəni, özüm bu qərarı verdim. Hətta polislər mənə xeyriyyə kampaniyamı davam etdirməyimi tövsiyə etdilər. Mən də məsələni sizə izah etdiyim kimi dedim. Onlar hətta bildirdilər ki, birdən hamı elə bilər ki, biz sənə təzyiq etmişik, ona görə də fikrindən dönmüsən. İnanın, mənə polis tərəfindən heç bir qadağa qoyulmayıb, onlar əksinə təşəbbüsümü dəstəkləyirdilər. Bəziləri düşünürdülər ki, təzyiq olunub və buna görə də həbsə düşmüşəm. Ancaq bu, belə deyil, sadəcə qayda pozuntusu olub. Rayonlara da icazəsiz getmişəm, heç bir icazəm yox idi. Hamı da bilirdi ki, yardım üçün bunu edirəm, sağ olsunlar, hər zaman da mənə dəstək olublar. Umumiyyətlə, heç kim təzyiq göstərməyib. Sözsüz ki, yardımlarımız davam edəcək, sadəcə, gündə 400-500 ailəyə olmayacaq.


- Cəmiyyətdə belə bir fikir də formalaşmışdı ki, guya siz hansısa icra başçısının sifarişi ilə tutulmusunuz...

- Bu dəqiqə bütün icra başçıları öz canları ilə əlləşirlər. Həm onların nə ixtiyarı var ki, məni həbs etdirsinlər? Yəni elə bir icra başçısı varmı, məni tutdurub öz hərəkətinin arxasında dayana bilsin? Mən nə etmişəm ki? İcra başçısının öz, mənim də öz işim var. Başçı kimdir axı, adam tutdursun? Cinayətkarı tutdurmaq haqları var. Mən axı cinayətkar, cani deyiləm? Bu yola Prezidentimin çağırışı ilə çıxmışam. Cənab Ali Baş Komandan İlham Əliyevin “Biz birlikdə güclüyük” sözü ilə bu yolda addımlamışam. Mən də əlimdən gəldiyi qədər millətimə, dövlətimə dəstək olmağa çalışmışam. Məni həbs etdirmək hansı icra başçısının başı üçündür, axı? Onlar bu dəqiqə etdikləri günahlarını gizlətməyə yer axtarırlar. Cinayətkar olsam, məni hüquq mühafizə orqanları - polis, DTX həbs edər.

- Bir vaxtlar Kamil Zeynallıya qarşı çıxan, onu tənqid edən, sonradan onu qəhraman edən bir cəmiyyətə bel bağlamaq olarmı? Heç kəs qarantiya vermir ki, sabah oxşar vəziyyət təkrarlanmayacaq.

- Vallah, insan xaricdə olanda düşünür ki, millətimin yaxşısına da qurban olum, pisinə də. Mən insanları qınamıram. Həyatları boyu o qədər min cildli, ikiüzlü, rəngarəng insanlar görürlər ki, heç kəsə inamları qalmayıb.Ona görə hər kəs güvənini öz hərəkəti ilə bildirməlidir. Mən də etdiyim əməllərimlə əsl simamı göstərdim. Gördülər ki, mənim bir məqsədim var - dar gündə insanlara yardım etmək. Burada söhbət yalnız maddiyyatdan getmir, həm də mənəvi dəstək rol oynayır. Onlar həqiqi Kamili gördükdən sonra, mənə qarşı olan münasibətləri dəyişdi. Əvvəllər də mənə inanmaq istəyirdilər, sadəcə, mənim müəyyən yanlışlarımı görüb, çaş-baş qalırdılar. Mənim təhqirlərim, acılamaqlarım, davalarım insanlarda bir növ çaşqınlıq yaradırdı. Onu da göstərdim ki, durduğum yerdə heç kəsi söyüb, təhqir etməmişəm. Heç vaxt birinci mən dava etməmişəm. Mənimlə işləri olmasa, mən də heç kəsə baş qoşmaram. Bu yardımları edəndə də, məni tənqid edənlər oldu. Ancaq mən heç kəsə fikir vermədim. İnandırım sizi, buna heç vaxtım da yox idi.


- Bildiyimə görə karantin dönəmində ümumilikdə 100 min manat civarında yardımlar etmisiniz. Həmin vəsaitləri kim göndəribsə, istəsəniz adlarını çəkə bilərsiniz.

- Yox, 100 min deyildi, məbləğ 200 min manatdan çox idi. Çünki biz bu dönəmdə 20 mindən çox ailəyə yardım payladıq. Yardım edənlərin siyahısı ad çəkməklə bitməz. Bütün ölkələrdə yaşayan həmvətənlərimiz bu aksiyaya qoşulmuşdular. Sibirdən yardım yollayırdılar. ABŞ, Kanada, Afrikada və digər ölkələrdə yaşayan soydaşlarımız da dəstək oldu. Cənab Prezidentimizin sözləri hamını ruhlandırmışdı.

- Gələcəkdə sizə hər hansı vəzifə təklif olunsa, münasibətiniz necə olar?

- Mən etdiyim heç bir hərəkətin qarşılığını güdməmişəm. Bunun üçün nəsə güdmək axmaqlıqdır. Bu, kişilikdən deyil. Hər şeyi təmiz ürəklə etmək lazımdır. Əgər etdiyimiz əməllərə görə nəsə gözləsək, bunun sonu olmayacaq. İnsan özünü sevdirmək istəyirsə, gərək olduğu kimi görünsün. Həyatda rol oynamamalısan. Mən evdə oturum, kef edim, bəs, bu kasıb insanlar nə etsin? Gecə beynimdə bu fikirləri təhlil etdim və səhər qərar verdim ki, mütləq bu insanlara yardım etmək lazımdır. Zəng vurdum dostlarıma ki, gəlin, bu insanlara yardım edək. Özüm də müəyyən məbləğ xərclədim və başladıq. Sonra arxası yavaş-yavaş gəlməyə başladı. Sonradan eşidən-bilən zəng vurub kömək etməyi təklif etdilər. Bu gün mən vəzifəyə görə deyil, xalqıma və dövlətimə görə işləyib, əziyyət çəkərəm. Yoxsa bu 10 gündə mənə heç nə olmadı. Sadəcə, tutulmağıma görə insanlar narahat oldular. Bu yaxşılığın qarşılığında həbs olunmağım onlara haqsızlıq kimi gəldi. Onlar gözləyirdilər ki, mən bu etdiyim əməllərə görə qiymətləndiriləcəyəm. Ancaq bunun əksinə, bu hadisə oldu deyə, onlara pis təsir etdi. Yəni mənim həbs olunmağım 7-dən 77-yə hamıya təsir etdi. Hər yerdə məni ilin adamı elan edirdilər, mənə vəzifə verilməyini təklif edirdilər. Mən də bu yazıları oxuyanda gülürdüm, deyirdim ki, axı mən bu əməllərimə görə heç nə güdmürəm. Mən bunların heç birinə fikir vermirdim, beynimdə ancaq öz yolum haqqında düşünürdüm. Heç kəsdən narazı deyiləm. Əksinə 10 gün dincəldim (gülür).


- Vəzifədən söz düşmüşkən, 2025-ci ildə Milli Məclis seçkilərinə qatılmağınız mümkündürmü?

- Özünü tərifləmək kimi çıxmasın, ancaq hansı dövlət işçisi indiyə kimi mən etdiyim hərəkətləri edib? Mənim 2 ayda etdiyimi dövlət məmurları, deputatlar, icra başçıları var ki, üst-üstə yığsan heç 15 ildə etməyib. Düşünürəm ki, orada oturanlar məndən artıq deyillər. Hansısa vəzifəni də icra edəndə, mütləq gərək xalqa can yandırmalısan. Məmurlar xalqın sevgisini qazansalar, bir o qədər insanlar tərəfindən qiymətləndiriləcəklər. Narazı olanları da razı salmaq artıq məmurların üzərinə düşür. Mütləq millətin problemləri ilə maraqlanmalıdırlar. Çoxusu buna tənbəllik edirlər, oturduqları yerdən tərpənmək istəmirlər.Cənab Prezident onları vəzifəyə təyin edəndə, onlara etimad göstərəndə hər zaman tapşırır ki, insanlara qayğı göstərin, onların problemlərini həll edin. Yoxsa, oturmaqla iş bitməz. Ay məmur, oturduğun yerdən bir az tərpənmək lazımdır! Sən orada oturub qalmamalısan. İnsanlar televizor deyil ki, sən onları uzaqdan idarə edəsən. Ancaq mənim deputat olmaq kimi bir fikrim yoxdur. Yoxsa, durub "etdiyim hərəkətlərə görə məni mütləq millət vəkili seçməlisiniz" deməyəcəyəm. Bu, mənə yaraşmaz.
Baxın, 3 ildi qəbirsanlıqda yatan kişi vardı, qohumu gəlib onu aparıb. Belə bir neçə insanların yaxınları tapılıb. İndi istəyirəm, gedib baxım, görüm o insanlara necə baxırlar. Bax, əsl təbliğat budur. İtlərin gözlərini çıxartmışdılar, əməliyyat etdirmişəm. Onları da nəzarətdə saxlayıram. Dərmanlarını almışam, bir it xərçəng idi, onun kimyaterapiyasını etdirmişəm. Artıq onların da vəziyyətləri yaxşıdır. Etdiyim işlərlə maraqlanıram ki, nəticəsiz qalmasın.

- Elə insanlar oldu ki, yaxşı olanda yanınızda oldu, ancaq dar gününüzdə yoxa çıxdılar?

- Vallah, bunun mənim üçün heç bir fərqi olmadı. Düzdür, mən özüm hamıya tapşırmışdım ki, yanıma heç kim gəlməsin. Bu, onsuz böyük bir müddət deyildi. Buna ehtiyac da yox idi. Mən həbsdə olanda da köməkçim vasitəsilə yardımları paylayırdıq. Ona görə kim maraqlandı, kimi maraqlanmadı, bunların heç birinə fikir vermirdim. Allah insanı betər gündən qorusun.


- 10 günlük müddətdən sonra evə qayıdanda bir məqam diqqətimi çəkdi. Orada ananız, qızınız və qaynananız sizi gözləyirdi. Amma nədənsə Gülay xanım gözə dəymədi. Bəlkə elə bu kimi məqamlar ayrılmağınızla bağlı şayiələr yaradır? Bu sual çoxlarına maraqlıdır...

- Mən özüm demişdim ki, gəlməsin. Çünki orada mənim dostlarım iştirak edirdilər. Mən kimin ailəsinə hansı gözlə baxıramsa, onlar da o cür edirlər. Məsələnin əsli bu idi. Bu söz-söhbət mənə maraqlı da deyil. İnsanlar bir az öz ailələri ilə maraqlansınlar. Mən kiminsə ailəsi ilə maraqlanıram ki, vəziyyətləri necədir? Bu, hər kəsin öz şəxsi işidir. Məni bu gün əsas övladım maraqlandırır. Əsas onun canı sağlam olsun. Yüz dənə ailə qurban olsun övladıma. Uzaq olsun, övladımızın dırnağına zərər gələndə hər şey, bütün ruh, bədən bir-birindən ayrılır. Mən yüz dəfə ailə qurub, boşana da bilərəm.

- Sizin qalmaqallı bir fikriniz vardı. Azərbaycanda hacıların çox hissəsi “moşennik”dir. Bu fikirdə qalmısınız, yoxsa nəsə dəyişilib?

- Müəllimlərin də, həkimlərin də, idmançıların da, məmurların da içərisində yaxşısı da var, pisi də. Bunu hacılara da aid edirəm. Ancaq onların içərisində yaxşı azdır. Heç kəs öz ayranına turş deməz. Heç kəs lovğalanmasın ki, mən namaz qılıram, səcdə edirəm. Bununla iş bitmir. Əsas ondan sonra bunu əməllərində göstərməlisən. Namaz qılıb, Həccə getmək məktəbin birinci sinfi sayılır. Daha sonra məktəbi bitirməlisən. Əgər bir insan Həccə gedibsə, gələndən sonra bütün pis əməllərindən çəkinməlidir. Qayıdıb yenə pis yolda olacaqsansa, insanları aldadacaqsansa və digər pis əməllər törədəcəksənsə bunun heç bir əhəmiyyəti qalmır. Ondansa öz yerinə hansısa bir kasıb, əsl dindarın xərcini çək, qoy o, gedib müqəddəs torpaqları ziyarət etsin. Bu onlara daha çox savab qazandırar. Mən bu gün dediyim hər bir sözün sonuna qədər arxasındayam. Bu gün insanların din adamlarına inamları azdır. Çünki, onlar din adı altında bir çox insanı aldadıblar. Ona görə bu gün cəmiyyətdə yaxşı, əsl dindarlar azdır. Əsas Həccə gedib gəldikdən sonra etdiyin əməllərdir. Niyə axı, siz hacı adını ləkələyirsiz?




Söhbətləşdi: Vüsalə Balayeva
Foto/VİDEO: Rüfət Qasımzadə




Fikirlər

  • ARAŞDIRMA

    Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı — AÇIQLAMA
    Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı — AÇIQLAMA
    Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı — FƏRMAN
    Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı — FƏRMAN
    Vilayət Eyvazovdan yeni təyinat
    Vilayət Eyvazovdan yeni təyinat
    Prezident İlham Əliyev açılışda – FOTO
    Prezident İlham Əliyev açılışda – FOTO
  • ƏN ÇOX OXUNAN

    Sabahın hava proqnozu
    Sabahın hava proqnozu
    Baş Nazir təhsil sahəsi ilə bağlı qərar verdi
    Baş Nazir təhsil sahəsi ilə bağlı qərar verdi
    Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var
    Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var
    Vilayət Eyvazova yeni səlahiyyət verildi
    Vilayət Eyvazova yeni səlahiyyət verildi
    Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər — Dezinfeksiyanın riskləri
    Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər — Dezinfeksiyanın riskləri
    Bayram Səfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır - ÖZƏL
    Bayram Səfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır - ÖZƏL
    Daha bir vəzifəli şəxs işdən çıxarıldı
    Daha bir vəzifəli şəxs işdən çıxarıldı
    Vilayət Eyvazov generalı təqaüdə göndərdi
    Vilayət Eyvazov generalı təqaüdə göndərdi
    Sabah yağış yağacaq
    Sabah yağış yağacaq
    Neftin qiyməti 150 dollar olacaq — ŞAD XƏBƏR
    Neftin qiyməti 150 dollar olacaq — ŞAD XƏBƏR
    Azərbaycanda növbəti qadağa QÜVVƏYƏ MİNİR — Bu gecədən LƏĞV EDİLİR
    Azərbaycanda növbəti qadağa QÜVVƏYƏ MİNİR — Bu gecədən LƏĞV EDİLİR
    Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı — AÇIQLAMA
    Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı — AÇIQLAMA
    Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz — SƏBƏB AÇIQLANDI
    Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz — SƏBƏB AÇIQLANDI
    Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi
    Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi
    190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
    190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
  • «    İyul 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031