Göyçayda zibilxanalar, üfunət, antisanitariya və sahibsiz itlər – ŞİKAYƏT

"Gunxeber.az" İnformasiya Agentliyi xəbər verir ki, Göyçay şəhərinin sakinləri bir çox küçələrin kənarına, məhəllələrə və xidmət obyektlərinin yanına toplanan və günlərlə götürülməyən zibil və tullantılardan şikayət edirlər.
 
Göyçay şəhərindəki kiçik “zibil poliqonları" insanların həyatını dözülməz edib. Zibil qutuları dolaraq daşır, vətəndaşlar əlacsız qalaraq selofan torbaları qutuların yanına atırlar. Bəzi yerlərdə isə ümumiyyətlə zibil qutuları yoxdu. İnsanların küçəyə, məhəlləyə qoyduğu zibil torbalarını sahibsiz itlər dağıdaraq şəhərdə antisanitariya vəziyyəti yaradırlar. Şəhərdəki zibilliklər Göyçay rayon Sanitar Təmizlik İdarəsi tərəfindən vaxtında təmizlənmədiyinə görə vətəndaşlar tərəfindən yandırılır, ərazini pis qoxulu tüstü bürüyür.

Şikayətçilər bildirir ki, zibilxanadan gələn üfunət iyindən ərazidə yaşamaq mümkün olmur: "Üfunət ciddi antisanitariya yaradır. Zibilliklər gəmiricilərin, sahibsiz itlərin, həşəratların məskəninə çevrilib”. Məmurların avtomobillə hərəkət etdiyi mərkəzi küçələrdəki zibil qutuları hər gün təmizlənir. Lakin, digər küçələrdəki zibilliklər günlərlə təmizlənmir, nəticədə belə yerlərdə küçə itlərinin sayının artması üçün münbit şərait yaranır. Sahibsiz itlər uşaqlar, qadınlar, ahıl yaşlı insanlar üçün qorxu yaradır, vətəndaşlar üçün quduzluq təhlükəsi var. Zibillikdə dolaşan sahibsiz itlər yaxınlıqdan keçən insanlara hücum edir, onların əlindəki selofan torbaları dağıdır, ərzaq mallarını yeyirlər.

Həmçinin, şikayətçi vətəndaşlar bildirir ki, zibilliklərə yaxın olan evlərin sakinləri infeksion xəstəliklərlə üzləşirlər: “Həyatımız və sağlamlığımız təhlükə altındadır. Əsl cəhənnəm əzabı yaşayırıq. Göyçayın Sanitar Təmizlik İdarəsinin rəhbəri Fuad Bəşirov, digər vəzifə sahibləri bunu görmür?”. Sakinlər şəhərdəki zibilxanaların ləğv edilməsini, antisanitariya vəziyyətinin qarşısının alınmasını aidiyyəti qurumlardan tələb edirlər.

Mövzu ilə əlaqədar qarşı tərəfin mövqeyini saytımızda işıqlandırmağa hazırıq.

Müəllif: Zalikə Rəhimova

Göyçayda zibilxanalar, üfunət, antisanitariya və sahibsiz itlər – ŞİKAYƏT

Göyçayda zibilxanalar, üfunət, antisanitariya və sahibsiz itlər – ŞİKAYƏT