Kamaləddin Qafarov: " Ermənistanı sosial-siyasi fəlakət gözləyir"

Oxunma sayı: 28
13-10-2020, 11:47

Kamaləddin Qafarov: " Ermənistanı sosial-siyasi fəlakət gözləyir"



“Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Ermənistan öz destruktiv siyasətini yenə davam etdirərsə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmazsa, onda hərbi əməliyyatların bərpa olunması qaçılmazdır Buna görə də, dərhal substansiv danışıqlar başlanmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan konkret plan hazırlanmalıdır”.

Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirmişdir.
Millət vəkili demişdir ki, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı yaxşı başa düşür. Heç kəsə sirr deyildir ki, bütün bu proseslər Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir vəvaxtında atılan dürüst diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı qətiyyətlə alınır.

K.Qafarovun fikrincə, balanslaşdırılmış səylərin reallaşdırılması fonunda diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına və ya əhəmiyyətinin azalmasına səbəb ola bilərdi. Azərbaycanın humanitar atəşkəsə razılıq verməsinin səbəbini də məhz bu kontekstdə axtarmaq gərəkdir . Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da “yox” deməsi Ermənistanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmiş olardı.

Heç kim üçün sirr deyildir ki, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi.

Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını bildirdi.Məhz Prezidentimizin qətiyyəti və düşünülmüş addımları nəticəsində status-kvo aradan qaldırıldı.Təmas xətti deyilən anlayış yoxdur, hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.Prezident İlham Əliyevin qəti və məntiqli diplomatik gedişləri regionun geosiyasi mənzərəsini sürətlə dəyişməkdədir.

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Millət vəkili xatırlatmışdır ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirmişdi: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə həlak olmuş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu, sülhə məcburetmə əməliyyatlarının birinci mərhələdir. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmazsa, hərbi əməliyyatlar dərhal bərpa olunacaqdır.
K.Qafarov göstərmişdir ki,əslində, bu fürsət hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Humanitar atəşkəsə razılıq Azərbaycanın erməni işğalçılarına və o ölkənin siyasi rəhbərliyinə bir sıra nüfuzlu dünya dövlətlərinin çağırışı və xahişi ilə ağıllı olmaq, praqmatik qərarlar qəbul etmək üçün verdiyi son fürsətdir. Atəşkəs qüvvəyə minəndən dərhal sonra onun şərtlərinin pozulması, ermənilərin cəbhənin bir sıra istiaqmətlərində hücuma keçmək cəhdi və oktyabrın 11-də Gəncənin yenidən bombardman edilməsi göstərdi ki, düşmən öz xislətindən əl çəkməyib. Bunu bütün dünya gördü və Prezidentimizin nə qədər doğru addımlar atdığına növbəti dəfə əmin oldu. Qədim bir deyim var, deyərlər “düşmən təslim olmayanda, onu məhv edərlər”.

Qarabağ Azərbaycandır!

Paylaş
Xəbər lentİ