Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama

Oxunma sayı: 121
27-01-2021, 12:30

Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama


Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə həlak olan şəhidlərin valideynləri övladlarının qəbir yerinin dəyişdirilməsini tələb edirlər.

Bakının Yasamal və Nəsimi rayonundan olan, şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlər dəfn yerinin ikinci Fəxri xiyabana köçürülməsini istəyirlər. Onlar dünən sinə daşlarını qaldıraraq qəbirləri su basdığını göstəriblər.

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyinədir:

“Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.

İcra başçısı ərazidə qrunt sularının toplanması barədə məsələyə münasibət bildirib: “Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.

Qeyd edək ki, bir neçə gün əvvəl məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı “Qafqazinfo”ya bildirib ki, şəhid anaları qəbul edilib və onların problemi dinlənilib.

Paylaş
Xəbər lentİ